Azərbaycan Premyer Liqasında son beş mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının başa çatan 2022-2023-cü il mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib. Baş tutan 180 matçda orta göstərici 1453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017-2018-ci il mövsümündə təsadüf olunub – 2007.

Bu rəqəm 2018-2019-cu il mövsümündə 1015, 2019-2020-cü il mövsümündə 1007, 2021-2022-ci il mövsümündə 794-ə bərabər olubsa, 2020-2021-ci il mövsümü tamaşaçılarsız keçirilib.

Ən çox azarkeş 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10000. Üç qarşılaşmada 7000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. “Beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. Üçüncü turun “Turan Tovuz” – “Qarabağ” oyununu (0:2) 5800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.

Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda ikinci olan “Sabah” və üçüncü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə beşinci sıradadır.

Xəbər 124 dəfə oxundu.