“Mançester Siti”nin futbolçusu Rodri Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib
İngiltərənin “Mançester Siti” futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri Çempionlar Liqasında 2022/2023-cü il mövsümünün ən yaxşı oyunçusu seçilib.

Bu barədə məlumat UEFA-nın saytında yer alıb.

Şənbə günü “Mançester Siti” Çempionlar Liqasının finalında İtaliya “İnter”ini 1:0 hesabı ilə məğlub edib. Rodri qələbə qolunu vurub. Ümumilikdə, turnirdə ispaniyalı futbolçu 12 oyun keçirib və 2 qol vurub.

İtaliyanın “Napoli” klubunun gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ən yaxşı gənc futbolçu seçilib. O, Çempionlar Liqasının 9 matçında 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

UEFA, həmçinin turnirin simvolik yığmasını açıqlayıb: İspaniyanın “Real Madrid” klubundan Tibo Kurtua qapıçı, Federiko Dimarko, Alessandro Bastoni (hər ikisi “İnter”), Ruben Diaş və Kayl Uoker (hər ikisi “Mançester Siti”) müdafiəçilər, Rodri, Con Stounz və Kevin De Brüyne (hamısı – “Mançester Siti”) yarımmüdafiəçilər, Vinisius (Real), Erlinq Holand və Bernardo Silva (hər ikisi – “Mançester Siti”) hücumçulardır.

Xəbər 118 dəfə oxundu.