Baş katib: Qarabağda atçılıq idman növləri üzrə yarışlar təşkil etmək ən böyük arzumuzdur
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) 1996-cı ildə yaranmasından etibarən federasiyasının birinci vitse-prezidenti Mahir Muradovun hər zaman yüksək dəstəyini görmüşük. O, ARAF-ın 1997-ci ildə Beynəlxalq Atçılıq Federasiyasına üzv qəbul olunmasında da yaxından iştirak edib.

Federasiyanın birinci vitse-prezidenti kimi Mahir müəllim atçılığın konkur növünün inkişafında çox ciddi addımlar atıb. Bu ilin əvvəllərində o, dünyasını dəyişdikdən sonra federasiya belə qərara gəldi ki, hər il Mahir müəllimin xatirəsinə kubok yarışı keçirək. Belə kuboklardan ilkini məhz iyun ayına təyin etdik. Bu yarışları növbəti illərdə də mütəmadi keçirməyi nəzərdə tutmuşuq.

Bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə müsahibəsində söyləyib.

“Biz beynəlxalq yarışların sayının artırılması üçün çalışırıq. Növbəti illərdə beynəlxalq yarışlarımızın birini bu formatda təşkil edə bilərik. Qarabağda ilk günlərdə atların iştirakı ilə mötəbər tədbirlərdə iştirak etmişik. Hətta Şuşadakı Cıdır düzündə möhtəşəm tədbir keçirilmişdi. Dövlətimizin başçısının təşrif buyurduğu tədbirdə Atçılıq Federasiyası yaxından iştirak etmişdi. Amma biz dövlətin bununla bağlı növbəti addımlarını gözləyirik ki, nə zaman həmin regionlarda atçılıq yarışları keçirə bilərik. Ümumiyyətlə atçılıq yarışlarının təşkili üçün infrastrukturun yaradılmasına ehtiyac var. Xüsusi meydan, ot örtükləri və sairə infrastruktur qurulmalıdır. Qarabağ regionunda həm konkur, həm cıdır, kövkən, həm polo və digər atçılıq idman növlərinin yarışlarını təşkil etmək bizim ən böyük arzularımızdan biridir”, - deyə Baş katib vurğulayıb.

Xəbər 180 dəfə oxundu.