Belçikalı velosipedçi “Əziz Şuşa” beynəlxalq yarışının üçüncü mərhələsinin qalibi olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə yekun vurulub.

Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından başlayan yarış Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında başa çatıb.

İdmançılar Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət ediblər. Yol boyu idmançılar azarkeşlər tərəfindən alqışlanaraq dəstəklənib. Şəhər əhalisi yarışçıların həyəcanına şərik olublar.

Yarışda birinci yerin sahibi Belçika komandasının üzvü Jari Verstraeten olub. Rumıniya təmsilçisi Mihnea-Alexandru Harasim yarışı ikinci, Qazaxıstan komandasının üzvü Anton Kuzmin isə üçüncü pillədə başa vurublar.

“Əziz Şuşa" beynəlxalq velosiped yarışında üç mərhələnin lideri sarı köynəyin sahibi italiyalı Emanuel Ansaloni oldu. Üçüncü mərhələnin ən yaxşı sprinter ötən yarışın qalibi Niderland idmançısı Luk Şurmans, ən yaxşı dağ velosipedçisi Qazaxıstan komandasının üzvü İlxan Dostiyev, ən yaxşı gənc idmançı isə Türkiyə komandasının üzvü Aleksandr Bereznyak seçilib. Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, idmançılar iyunun 10-da Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafəni qət edəcəklər.

Xəbər 160 dəfə oxundu.