Martin Papanov: Sarı köynəyi özümdə saxlaya bildiyim üçün sevincliyəm
Bu gün gözəl yarışın şahidi olduq. Velosipedçilər əzmkarlıq nümayiş etdirdilər. On üç velosipedçidən ibarət qrup digər idmançıları təxminən 4 dəqiqə qabaqladı. Bolqarıstanlı Martin Papanov uğurlu çıxış edərək sarı köynəyi özündə saxlaya bildi.

Bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.

Mərhələnin qalibi niderlandlı Luk Şurmans ötmələrin bütün yarış boyu davam etdiyini bildirərək deyib ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda 13 velosipedçidən ibarət lider qrup formalaşdı. O qrupda yer almaq mənim üçün önəmli idi. İkinci mərhələnin qalibi olduğum üçün çox xoşbəxtəm.

İki mərhələnin yekununa görə, birinci olan bolqarıstanlı Martin Papanov sarı köynəyi yenidən özündə saxlaya bildiyi üçün sevincli olduğunu bildirib.

Velosipedçi deyib: “Komandamızın heyəti geniş olmadığı üçün digər komandaların gücündən istifadə edərək yarışı sona çatdırdıq. Bu mərhələ mənim üçün bərpaedici oldu. Son iki mərhələ həlledicidir. Bu səbəbdən ikinci mərhələdə sürətli getmirdim. Gücümü digər mərhələlərə saxlamışam”.

Qeyd edək ki, velosipedçilər iyunun 9-da Qəbələdən Gəncənin mərkəzinədək 170 kilometr məsafə qət edəcəklər.

Xəbər 162 dəfə oxundu.