Nərəkənd parkında keçiriləcək “Ironwind” yarışında 100-dən artıq idmançı gücünü sınayacaq
Zirə Mədəniyyət Mərkəzində iyunun 4-də keçiriləcək triatlon üzrə “Ironwind” yarışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransdan əvvəl idmançılar Pirallahı rayonunda yarışın keçiriləcəyi məkanla tanış olublar. İştirakçılara məşq etmək şəraiti yaradılıb, yarış nömrələri verilib.

Mətbuat konfransında Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti Rüfət Həsənov, idman direktoru Elvin Məmmədxanov, idmançılar və media nümayəndələri iştirak ediblər.

Konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarxla başlayıb.

Sonra ATF-nin idman direktoru E.Məmmədxanov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində keçirilən yarışlardan, həmçinin Ulu Öndərin idmana olan diqqətindən danışıb.

Federasiyanın vitse-prezidenti, “Triterra” triatlon klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov “Ironwind”in açıq turnir olduğunu diqqətə çatdırıb. Ölkə xaricindən gəlmiş idmançılar üçün yaradılan şərait barədə danışıb.

“Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov yarışın məsafələri haqqında məlumat verib.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, ATF, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Triterra” klubunun birgə təşkilatçılığı ilə iyunun 4-də Bakının Pirallahı rayonunda yerləşən Nərəkənd parkında keçiriləcək.

Triatlon turnirində 1,9 kilometr məsafəyə üzmə, 90 kilometr məsafəyə velosiped sürmə və 21,1 kilometr məsafəyə qaçış mərhələsi olacaq. Türkiyə, Rusiya, İran, Böyük Britaniya, ABŞ, Kipr, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən idmançıların qoşulacağı yarışda, ümumilikdə, 100-dən çox iştirakçı gücünü sınayacaq. Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarının da nümayiş üçün dairəvi qaçışı nəzərdə tutulub.

Kişilər və qadınlar arasında birinci yerin sahibinə 2 min, ikinci yeri tutanlara min, finişə üçüncü çatan idmançılara isə 500 manat, həmçinin sponsorlardan hədiyyələr təqdim olunacaq.

Xəbər 118 dəfə oxundu.