“Neftçi” klubu yeni sponsorluq müqaviləsi imzalayıb
Bakının “Neftçi” futbol klubu ilə İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

“Bakcell Arena” stadionunun konfrans zalında baş tutan imzalanma mərasimində tərəflər ikiillik müqavilə bağlayıblar. Müqaviləyə “Neftçi”nin prezidenti Kamran Quliyev və “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati imza atıblar.

Razılaşmaya əsasən, “Errea” “Neftçi”nin əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti (oyun, məşq və digər) ilə təmin edəcək. Bu əməkdaşlığı fərqləndirən ən əsas məqam bu geyim dəstlərinin məxsusi olaraq “Neftçi” üçün dizayn edilib hazırlanmasıdır. Həmçinin tezliklə klubun “Bakcell Arena”dakı fan-şopunda bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq. Əvəzində isə əsas komandanın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Errea”nın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

Xəbər 117 dəfə oxundu.