Velosipedçimiz “Tour of Albania”da gümüş medala sahib olub
Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı yarış başa çatıb.

Mayın 26-də baş tutan sonuncu mərhələdə Permetdən start götürən velosipedçilər 122 kilometr məsafə qət edərək Fier ərazisində finiş xəttini keçiblər. Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda mübarizə aparıb.

“Tour of Albania” yarışında iştirak edən Azərbaycanın kişilərdən ibarət elit – U-23 milli komandasının üzvləri yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparıcı üzvlərindən Samir Cəbrayılova böyük dəstək olublar. Nəticədə velosipedçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ikinci yerə layiq görülərək gümüş medal qazanıb. O, özünün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.

Digər velosipedçilərimizdən Nəcəf Bağırov yeddinci, Şahin Eyvazov 29-cu, Kamran Mirzəxanov 33-cü, Musa Mikayılzadə isə 35-ci yerlə kifayətləniblər.

Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü Polixronis Tzortzakis olub.

Ümumi təsnifatda isə M.Mikayılzadə (15 UCI xalı) beşinci, S.Cəbrayılov (5 UCI xalı) yeddinci, Ş.Eyvazov 29-cu, K.Mirzəxanov 31-ci, N.Bağırov 44-cü, Azərbaycan millisi isə 6-cı yerdə qərarlaşıblar.

S.Cəbrayılov yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında ikinci, ən yaxşı sprinterlərinin siyahısında isə üçüncü nəticə göstərib.

Veloturun ən yaxşı gənc idmançılarının sırasında isə Ş.Eyvazov onuncu, K.Mirzəxanov 11-ci, N.Bağırov isə 16-cı pillədə yer alıb.

Qeyd edək ki, yarışın dördüncü mərhələsi kəskin hava şəraiti səbəbindən ləğv edilib. Yarış beş mərhələdən ibarət olub.

Xəbər 158 dəfə oxundu.