Oğuzda və Qəbələdə "Bahar turniri" keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə mayın 27-də Oğuzda, 28-də isə Qəbələdə 12 yaşlı qızlar arasında futbol üzrə "Bahar turniri" keçiriləcək.

Oğuz Olimpiya İdman Kompleksində və Qəbələ şəhər stadionunda keçiriləcək turnirlərin hər birində 8 komanda mübarizə aparacaq.

Hər region üzrə qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 Qızlar Liqasına və milli yığma komandalara futbolçuların hazırlanmasıdır.

Xəbər 104 dəfə oxundu.