Şpaqaçılarımız U-23 Avropa çempionatında çıxışlarını başa vurublar
Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan milli komandasının üzvləri Barat Quliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən U-23 Avropa çempionatında çıxışlarını başa vurublar.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla başa vuran R.Həsənov (5 qələbə) və Barat Quliyev (3 qələbə) 64-lüyə yüksəlməyi bacarıblar.

Ruslan Həsənov ilk pley-off görüşündə polşalı Bartlomiej Szurlejə 15:13 hesabı ilə qalib gələrək ən güclü 32-liyə vəsiqə qazanıb. Təmsilçimiz bu mərhələdə avstriyalı Jan Şçuhmanna 10:11 hesabı ilə uduzub.

Eyni nəticəni Barat Quliyev də təkrarlayıb. İlk pley-off görüşündə Almaniya təmsilçisi Hendrik-Kilian Kolditzi (15:13) mübarizədən kənarlaşdıran idmançımız növbəti görüşündə turnirin finalçısı fransalı Billa Gaetana məğlub olub - 11:15.

Xəbər 100 dəfə oxundu.