Velosipedçilərimiz “Tour of Albania” yarışında ən güclülər sırasında yer alıblar
Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının üçüncü mərhələsi keçirilib.

Bu barədə Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.

Şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil edilən beş mərhələli veloturun üçüncü yarış günündə 9 ölkədən 11 komandanın tərkibində ümumilikdə 57 idmançı mübarizə aparıb. Velosipedçilər Elbasan - Vlore marşrutu üzrə 142 kilometr məsafə qət ediblər.

Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət elit – U-23 milli komandasının üzvlərindən Samir Cəbrayılov və Musa Mikayılzadə xüsusi əzmkarlıq göstəriblər. Onlar düzgün taktiki gedişlərdən istifadə edərək finiş xəttini liderlər qrupunun tərkibində keçiblər. Fotofinişə əsasən, S.Cəbrayılov beşinci, M.Mikayılzadə isə altıncı yerə layiq görülüblər. Hər iki idmançımız mərhələnin qalibi olan Serbiya milli komandasının üzvü Luka Turkulov ilə eyni göstəriciyə imza atıblar.

Digər velosipedçilərimizdən Şahin Eyvazov 13-cü, Kamran Mirzəxanov 22-ci, Nəcəf Bağırov 39-cu yerlə kifayətləniblər. Üç mərhələnin yekununa əsasən, ümumi təsnifatda M.Mikayılzadə beşinci, S.Cəbrayılov yeddinci, Azərbaycan milli komandası isə altıncı yerdə qərarlaşıblar.

Qeyd edək ki, üçüncü mərhələdə Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar mübarizə aparıblar.

Xəbər 162 dəfə oxundu.