Avropa çempionu: Doğma arenada çıxış etmək böyük məsuliyyətdir
Çox şadıq ki, Avropa çempionatında qızıl medal qazana bildik. Biz bunun üçün çox çalışdıq. Məşqçilərimizə, xoreoqraflarımıza və bizə dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında üç lent və iki topla qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Ləman Əlimuradova deyib.

Avropa çempionu bildirib ki, emosiyalarımız çoxdur. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Əlbəttə ki, doğma arenada çıxış etmək böyük məsuliyyətdir. Biz bütün tamaşaçıların dəstəyini hiss edirdik. Şübhəsiz heç nə asan alınmır, bəzən uğur əldə etmək üçün çətinliklərdən keçmək lazımdır. Biz medal qazanmaq üçün çox çalışdıq, məşqçilərlə hər bir detal üzərində işləyirdik. Bu qələbəyə can atırdıq və bizdə hər şey alındı.

Qeyd edək ki, gənc bədii gimnastlardan ibarət qrup komandamız Avropa çempionatında çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanın üç lent və iki topla hərəkətlərin icrasında yiyələndiyi Avropa çempionluğu ölkəmizin gimnastika tarixində qrup komandamızın qitə çempionatında qazandığı ilk qızıl medaldır.

Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən Avropa çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Xəbər 123 dəfə oxundu.