Velosipedçi Musa Mikayılzadə “Tour of Albania” yarışının ilk mərhələsində altıncı olub
Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışına start verilib.

Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən beşmərhələli veloturun birinci mərhələsində iştirakçılar Tirana-Duşk-Kerrabe marşrutu üzrə 142,3 kilometr məsafə qət ediblər.

Yarışda 10 ölkəni təmsil edən 13 komandanın heyətində ümumilikdə 79 idmançı medallar uğrunda mübarizə aparıb.

Veloturda iştirak edən kişilərdən ibarət Elit/U23 Azərbaycan yığma komandası mərhələni uğurla başa vurub. Millimizin üzvlərindən Musa Mikayılzadə yarışda əzmkarlıq göstərərək 3 saat 21 dəqiqə 15 saniyə nəticə ilə altıncı olub. Digər velosipedçilərimizdən Samir Cəbrayılov (03:22:35) 12-ci, Kamran Mirzəxanov (03:27:25) 35-ci, Şahin Eyvazov (03:27:27) 37-ci, Nəcəf Bağırov (03:31:13) isə 43-cü yerdə qərarlaşıblar. S.Cəbrayılov marşrutun 38,5-ci kilometrliyində təyin olunmuş sprint ara finişində birinci olduğu üçün aktivinə 5 xal yazdırıb.

Mərhələnin qalibi 3 saat 20 dəqiqə 5 saniyə nəticə ilə Böyük Britaniyanın “Velo Schils Interbike Racing Team” komandasının üzvü Maksimilian Stedman olub.

Qeyd edək ki, yarışda Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Kosovo, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.

Veloturun sonuncu mərhələsi mayın 26-da baş tutacaq.

Xəbər 161 dəfə oxundu.