İspaniyalı gimnast: Bakıda turnirlər həmişə yüksək təşkilatçılığı ilə fərqlənir
Bakıda təşkil olunan gimnastika turnirləri həmişə yüksək təşkilatçılığı ilə fərqlənir və bizi heyran edir.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı İspaniya təmsilçisi Polina Berezina deyib.

Əsas hədəfinin Olimpiya Oyunlarında iştirak etmək olduğunu bildirən gimnast söyləyib ki, Avropa çempionatında çoxnövçülük yarışlarında çıxışından razı qalıb: “İlk dəfə hər hansı alət üzrə finala yüksəldim. Karyeramda ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak etdim”.

Həmişə Azərbaycandan xoş təəssüratlarla qayıtdığını bildirən P.Berezina Bakını çox bəyəndiyini xüsusi vurğulayıb.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata sahib olub.

Xəbər 125 dəfə oxundu.