Avropa çempionatı: Ukraynalı gimnast halqa ilə yarışda birinci olub
Ukraynalı bədii gimnast Viktoriya Onoprienko Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Gimnast çempionatda halqa ilə final yarışında bütün rəqiblərini qabaqlamağı bacarıb. Onun çıxışı hakimlər tərəfindən 33,250 xalla qiymətləndirilib.

İlk üçlükdə israilli Adi Asya Katz (32,600 xal) və Bolqarıstan təmsilçisi Boryana Kaleyn (32,250 xal) yer alıblar.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 31,100 xalla halqa ilə yarışı altıncı pillədə başa vurub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Xəbər 114 dəfə oxundu.