Bakıda bədii gimnastika üzrə Avropa çempionatı sona yaxınlaşır
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının sonuncu gününə start verilib.

Çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla final mərhələsində çıxış edəcəklər.

Əvvəlcə fərdi gimnastlar arasında lent, gürzlər, halqa və top ilə final yarışlarında qaliblər bəlli olacaq. Bu mərhələdə ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.

Qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv iki proqramda xalça üzərinə çıxacaq.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Xəbər 121 dəfə oxundu.