Bolqarıstanlı gimnast Avropa çempionatının çoxnövçülük yarışlarında qızıl medal qazanıb
Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında çoxnövçülük yarışlarında qızıl medal qazanıb.

Dörd alət üzrə hərəkətlərin cəmində 131 xal toplayan gimnast bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İtaliya gimnastı Sofia Raffaeli 129,550 xalla yarışı ikinci, digər Bolqarıstan idmançısı Stiliana Nikolova isə 129,500 xalla üçüncü pillədə başa vurublar.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 122,400 xalla çoxnövçülük yarışlarında yeddinci olub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 132 dəfə oxundu.