Yelizaveta Luqovskix: Bakıda keçirilən gimnastika yarışları həmişə çox baxımlı olur
Avropa çempionatının açılış mərasimini çox bəyəndim. Təşkilatçılar möhtəşəm şou hazırlamışdılar. Zalın tərtibatı və işıq effektləri gözəl idi.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı monteneqrolu Yelizaveta Luqovskix deyib.

Top və halqa ilə təsnifat yarışlarındakı çıxışından narazı qalan gimnast bildirib ki, lent və gürzlərlə təsnifat mərhələsində iştirak edəcəyəm. Mübarizəyə birinci qrupdan başladım. Etiraf edim ki, bu mənim üçün çətindir. Adətən yarışın sonlarına doğru xalça üzərinə çıxmağı sevirəm. Bakıda keçirilən gimnastika yarışları həmişə çox baxımlı olur. Azarkeşlər möhtəşəmdir. Bütün bunlar yarışların yüksək səviyyədə təşkilindən xəbər verir.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 118 dəfə oxundu.