Nikola Vasileva: Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən möhtəşəm məkanlardan biridir
Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən möhtəşəm və rahat məkanlardan biridir. Bir çox beynəlxalq turnirdə, dünya kuboku yarışlarında iştirak etmişəm. Etiraf etməliyəm ki, Bakıda təşkil olunan yarışlar həmişə yüksək səviyyədə keçir.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı latviyalı Nikola Vasileva deyib.

Gimnast bildirib ki, halqa və top ilə təsnifat mərhələsində çıxışımdan razı qalmadım. Çıxışım zamanı çox həyəcanlı idim. Bu, hamı da baş verir. Valideynlərim Bakıya gələ bilmədi. Onlar mənim çıxışımı onlayn formada izləyirlər. Həmişə Bakının gözəlliyi barədə Latviyada dostlarıma danışıram. Buradan xoş təəssüratlarla ayrılıram. Cari səfərim zamanı da Bakını gəzmək imkanım oldu. Paytaxtınızda gözəl arxitekturaya malik binalar çoxdur. Onları izləməkdən zövq alıram.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Yarışa mayın 21-də yekun vurulacaq.


Xəbər 124 dəfə oxundu.