Avropa çempionatı: Macarıstanlı gimnast Fanni Piqniçki gürzlərlə təsnifat yarışlarına liderlik edir
Macarıstanlı bədii gimnast Fanni Piqniçki Bakıda keçirilən 39-cu Avropa çempionatında gürzlərlə təsnifat yarışlarına liderlik edir.

Gimnastın çıxışı 28,850 xalla qiymətləndirilib.

İsveçrə təmsilçisi Nora Demierre 27,850 xalla ikinci, digər macarıstanlı gimnast Hanna Panna Vizner 27,450 xalla üçüncü pillədə qərarlaşıblar.

Yarışda ölkəmizi Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 108 dəfə oxundu.