Portuqaliyalı məşqçi: Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir
Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir.

Bunu gənc bədii gimnastlardan ibarət Portuqaliya komandasının məşqçisi Silviya Kanelaş deyib.

Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu deyən məşqçi bildirib ki, burada yarışlar həmişə yüksək səviyyədə təşkil olunur. Bütün ölkələrdə gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yaradılmır.

Portuqaliyalı gimnastların Bakıda keçirilən Avropa çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan S.Kanelaş deyib: “Bu yarışda iştirak gimnastlar üçün olduqca vacibdir. Bakıda keçirilən Avropa çempionatında çıxış etmək onların arzusu idi. Yarışın şüarı – “Ulduz kimi parla” çox gözəl seçilib. İdmançılar bu şüarı çox bəyənir və onları uğurla çıxış etməyə ruhlandırır”.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanı Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.

Xəbər 109 dəfə oxundu.