Ukrayna gimnastı Viktoriya Onoprienko Avropa çempionatının halqa ilə təsnifat yarışlarında ilk pillədə yer alıb
Ukrayna təmsilçisi Viktoriya Onoprienko Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının halqa ilə təsnifat yarışlarında ilk pillədə yer alıb.

Gimnast çıxışına görə, hakimlərdən 33,650 xal alıb.

Bolqarıstan gimnastları Boryana Kaleyn (33,450 xal) və Stiliana Nikolova (32,850 xal) ilk üçlüyü tamamlayıblar.

Yarışda ölkəmizi Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 115 dəfə oxundu.