Azərbaycan gimnastları: Bədii gimnastika üzrə Avropa çempionatında çıxış etmək bizim üçün böyük şərəfdir
Avropa çempionatında göstərdikləri dəstəyə görə tamaşaçılara minnətdarıq, çıxışımız zamanı bizə güvən verdilər.

Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çıxış edən Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova qrup hərəkətləri üzrə qaliblərinin mükafatlandırılması mərasimindən sonra bildiriblər.

"Bədii gimnastika üzrə Avropa çempionatında çıxış etmək bizim üçün böyük şərəfdir. Sevinirik ki, çoxnövçülükdə, eləcə də beş topla hərəkətlərdə bürünc medal qazana bildik. “Audience Award” mükafatını almaq çox xoş idi. Yarışlarda bizə dəstək olan tamaşaçılara təşəkkür edirik. Məşqçilərimizə və xoreoqraflarımıza da dərin təşəkkürümüzü bildiririk", - deyə Ayan Sadıqova bildirib.

Komandanın toplarla hərəkətlərin təsnifatında səhv etməsinə baxmayaraq, gimnastlar finalda özlərini toparlayıb yaxşı nəticə göstərə bildiklərini vurğulayıblar.

"Bəli, təsnifat mərhələsində səhv etdik, lakin başa düşdük ki, final çıxışı üçün özümüzü toplamalı idik", - deyə Gövhər İbrahimova bildirib.

Komanda üzvləri qarşıda bədii gimnastika üzrə gənclər arasında dünya çempionatının olduğunu da bildiriblər.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xəbər 116 dəfə oxundu.