Taekvondo üzrə çempionatın tanıtım çarxında Olimpiya və Dünya çempionları iştirak ediblər
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə dünya çempionatının ikinci tanıtım videoçarxı yayımlanıb.

Videoçarxda Namiq Abdullayev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Fərid Mansurov, Rafael Ağayev, Niyaməddin Paşayev, Ağası Məmmədov, Mehdi Budaqlı kimi bir sıra idman növlərinin Olimpiya və Dünya çempionları iştirak ediblər. Onlar çempionatda iştirak edəcək idmançılarımızı ruhlandıracaq fikirlər səsləndirərək dəstəklərini nümayiş etdiriblər.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcək. Dünyanın ən güclü taekvondoçuları burada 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, budəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. İki minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə minə qədər idmançı qeydiyyatdan keçib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda təşkil olunacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. Yeddi gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

Xəbər 128 dəfə oxundu.