Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şahmat turniri keçirilib
Malayziyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində şahmat turniri keçirilib.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüs və dəstəyi əsasında Malayziya Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə ölkənin müxtəlif ştatlarından fərqli yaş qrupları üzrə 60-a yaxın qadın və kişi idmançı öz qüvvəsini sınayıb.

İsveçrə şahmat sistemi əsasında olmaqla sürətli oyun üslubunda keçirilən turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Ulu Öndərin həyatı barədə danışıb, tədbir iştirakçılarını məlumatlandırıb, Azərbaycanda idmana göstərilən dövlət qayğısının əsas istiqamətlərindən bəhs edib. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən qısa müddət sonra iqtisadi, sosial, təhsil, texnologiya və digər sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə etdiyini, Azərbaycanın beynəlxalq media qurumları və ekspertlər tərəfindən idman ölkəsi kimi də səciyyələndirildiyini nəzərə çatdırıb.

Malayziya Şahmat Federasiyasının prezidenti Akhramsyah Muammar Ubaidah Sanusi azərbaycanlı dostlarla belə bir əlamətdar məqsədlə turnirin təşkil edilməsinin yerli idman ictimaiyyəti tərəfindən sevinclə qarsalandığını qeyd edib. O, beynəlxalq və mötəbər şahmat yarışlarında Azərbaycanın nüfuzlu ölkələrdən biri olduğunu vurğulayaraq, təmsil etdiyi federasiyanın qarşıdakı dövrdə Azərbaycan şahmat məktəbinin yetirmələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlı olduğunu bildirib.

Sonra qaliblər mükafatlandırılıb. Kişilərin yarışında ilk üçlüyə Lim Cuo Ren, Anderson Anq Ern Jie və Vonq Cianven yiyələniblər. Qadınlar arasında isə ilk üç yeri Nithyalakshmi Sivanesan, Adira Addaviya və Nur Naciha Azman Hişam tutublar.

Malayziya Şahmat Federasiyasından bildirilib ki, turnirdə Malayziyanın ən güclü və perspektivli şahmatçılarından hesab olunan gənclər iştirak edib və beləliklə, bu turnir Malayziya ictimaiyyəti üçün yaddanqalan idman hadisəsinə çevrilib. Bunlardan Lim Cuo Ren Malayziya üzrə ikiqat ölkə çempionudur. Nithyalakshmi Sivanesan isə Malayziyanın qadın şahmatçıları üzrə reytinqdə 8-ci yerdə təmsil olunur.

Xəbər 132 dəfə oxundu.