Azərbaycan təmsilçiləri Vindzor Kral Atçılıq Şousunda ilk çıxışlarını təqdim ediblər
Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Azərbaycandan Britaniyaya böyük yol qət etmiş 60 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

“Dumanlı albion”un yağmurlu havasına baxmayaraq, 20 Qarabağ atı ilə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb. Nümayəndə heyətinin təqdim etdiyi “Odlar Yurdu” adlı şou-kompozisiyanın əsasını çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru əməkdar jurnalist Rövşən Cahangirov, xoreoqrafı Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının bədii rəhbəri, Əməkdar artist Fərid İbrahimov və süvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran Əhmədlidir.

Milli musiqi alətlərimiz tütək, zurna, balabanın ifasında “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçılarını heyran edib. On beş dəqiqə davam edən şou müddətində süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları xüsusilə böyük marağa səbəb olub.

Şou-proqram tədbir iştirakçıları tərəfindən coşğu ilə qarşılanıb, tamaşaçıların zövqünü oxşayıb.

Nümayəndə heyətinin çıxışları mayın 14-dək davam edəcək.

Xəbər 179 dəfə oxundu.