Həndbol üzrə Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.

“AHF Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb.

Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” “Təhsil” ilə qarşılaşıb. Ölkə çempionatına inamla liderlik edən “İdman Akademiyası” komandası kubok yarışında da etimadı doğruldub. Rəqibi 34:22 hesabı ilə məğlub edən “İdman Akademiyası” Azərbaycan kubokuna sahib çıxıb.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İ.Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “AHF Arena”da keçirilən yarışda 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda mübarizə aparıb.

Xəbər 185 dəfə oxundu.