Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Portuqaliyada bürünc medal qazanıb
Avropa çempionatına sayılı günlər qalmış bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın üzvləri ölkəmizə medal sevinci yaşadıblar. Portuqaliyanın Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid dünya kuboku yarışlarında ölkəmizi təmsil edən qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çoxnövçülük proqramında bürünc medal qazanıblar.

Beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finalda mübarizə aparan təmsilçilərimiz ümumilikdə 61 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Fərdi proqramda ən yaxşı nəticəni isə Zöhrə Ağamirova göstərib. Belə ki, topla (31.100 xal) və halqa halqa (28.300 xal) ilə hərəkətlərin icrasında finala yüksələn idmançımız müvafiq olaraq 6-cı və 7-ci yerləri tutub.

Xəbər 107 dəfə oxundu.