Daha iki boksçumuz dünya çempionatında mərhələ adlayıb
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb. Mundialın səkkizinci günündə - mayın 8-də yığmamızın üzvlərindən biri səkkizdəbir, digəri dörddəbir finala yüksəlib.

Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

N.Hüseynov səkkizdəbir finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək.

Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.

Dominqesin növbəti döyüşü mayın 10-da olacaq.

Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə səkkizdəbir finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar.

Qeyd edək ki, mundialın doqquzuncu günündə N.Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.

Xəbər 142 dəfə oxundu.