Rüstəm Orucov: Göygöldə Avropa kuboku turnirinin keçirilməsi ölkədə cüdonun inkişafına kömək edəcək
İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Göygöldə 18 ölkənin iştirakı ilə beynəlxalq turnir təşkil olundu. Bölgədə turnirin təşkili paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, tədbirin Göygöldə keçirilməsi ölkədə cüdonun inkişafına köməklik göstərəcək və onun potensialını beynəlxalq arenada nümayiş etdirəcək.

Bu sözləri Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin saytına müsahibəsində deyib.

Rüstəm Orucov gənc idmançıların karyerasında Göygöl Avropa kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən danışaraq deyib ki, yeniyetmə vaxtımda bu cür turnirlərdə iştirak edirdim və uğur qazana bilmirdim. Bununla belə, heç vaxt motivasiyanı itirməmişəm və daha çox çalışmışam.

O, gənc idmançıları heç vaxt arzularından əl çəkməməyə və məqsədlərinə doğru yorulmadan irəliləməyi tövsiyə edib.

İdmançı Avropa Cüdo Birliyindəki yeni vəzifəsi haqqında da danışıb: “Atletlər Komissiyasının üzvü olaraq cüdonun davamlı böyüməsinə, inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm. Mən digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, idmançıların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikirlərimi və tövsiyələrimi təqdim etməyə hazıram”.

Xəbər 130 dəfə oxundu.