Kikboksinq üzrə “Heydər Əliyev kuboku” yarışının qalibləri müəyyənləşib
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman tədbirləri davam edir. Daha bir belə yarış kikboksinq üzrə “Heydər Əliyev kuboku” yarışı olub.

Milli Məclisin Gənclər və idman komitəsinin, Heydər Əliyev adına Hərbi İnstitutun və Azərbaycan Kikboksinq Federasiyasının birlikdə təşkil etdiyi möhtəşəm idman tədbirinə maraq böyük olub.

Əvvəlcə federasiya və institutun rəhbərliyi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Təntənəli açılış mərasimində əvvəlcə parad təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Bayrağı orkestrin müşayiəti ilə meydana gətirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Respublikamızın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev çıxış edib. Ardınca Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev iştirakçıları salamlayıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev idmançılara uğurlar arzulayıblar.

İdman tədbirində, həmçinin gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Ramal Aslanov, federasiyanın vitse-prezidenti Ədalət Kazımov, Milli Məclisin deputatları, generallar, hərbi qulluqçular, şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Təntənəli açılış mərasimindən sonra yarışa start verilib. Kikboksinq üzrə “Heydər Əliyev kuboku” yarışında 7 çəki dərəcəsində final görüşləri keçirilib. Qala gecəsi maraqlı mübarizə ilə yadda qalıb. Final döyüşlərində Fuad Bayramlı, Əsgər Rəhimov, Nihad Tağızadə, Arzuman Qədimov, Yaqub Ələkbərli, Elşad Şahbazov, Elcan Alkişiyev qələbə qazanaraq mükfatlandırılıblar.

Azərbaycan Kikboksinq Federasiyası tərəfindən qarşıdakı müddətdə də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi planlaşdırılır.

Xəbər 209 dəfə oxundu.