Formula 1: Şarl Lekler sprint yürüşünün təsnifat turuna liderlik edir
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turunun ilk sessiyası başa çatıb.

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. Sessiyada “Ferrari”nin pilotu Şarl Lekler birinci olub.

İlk sessiyanın nəticəsinə görə, yürüşü son beş pillədə başa vuran pilotlar mübarizəni dayandırıblar. Bunlar “Alfa Romeo”nun pilotları Valtteri Bottas, Cou Quanju, “Alpha Tauri”nin üzvləri Nik de Vris, Yuki Tsunoda və “Alpine”nin sürücüsü Pyer Qaslidir.

Sessiya vaxtı “Williams”ın pilotu Loqan Sarjent qəza törədib. Təhlükəsizlik cəddinə çırpılan bolid yararsız hala düşüb. Pilot ümumi sıralamada 11-ci olub və növbəti mərhələyə vəsiqə qazanıb. Amma onun bolidi yarışı davam etdirmək üçün yararlı vəziyyətdə olmayıb.

Təsnifat turu üç sessiyadan ibarət olacaq və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşəcək.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Xəbər 128 dəfə oxundu.