Azərbaycan taekvondo üzrə klublararası Avropa çempionatında ilk medal qazanıb
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

“Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.

Gənc taekvondoçuların mübarizəsində 42 kq çəkidə dayanq üzərinə çıxan təmsilçimiz 1/8 finalda böyük britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubunun idmançısı Stefani Nikolayevanı məğlub edib.

S.Quliyeva yarımfinalda Vasiliki Papadopoulou (“Açilleas Egaleo”, Yunanıstan) ilə döyüşüb. Görüş yenə Səlimənin qələbəsi ilə yekunlaşıb – 2:0.

Taekvondoçumuzun finalda rəqibi isə Mixalina Vrobel (Polşa klubu) olub. Gərgin keçən döyüşdə 1:2 hesabı ilə uduzan S.Quliyeva klublararası Avropa çempionatını gümüş medalla başa vurub.

Qeyd edək ki, yarış aprelin 30-da yekunlaşacaq.

Xəbər 122 dəfə oxundu.