Yarım milyard izləyici auditoriyasına malik Formula 1 yarışları ölkəmizin nüfuzunu artırır
Formula 1 yarışları dünyanın ən prestijli və populyar avtoidman növlərindən biridir. Dünyada maraqla izlənən Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi qürurverici hadisədir. Həyəcan və gərginliklə dolu keçən yarışlar səbəbi ilə hər il dünyanın dörd bir yanından avtoidman həvəskarları ölkəmizə təşrif buyururlar. Dünya avtoidman ictimaiyyəti yarışın Azərbaycan Qran-Prisinə böyük maraq göstərir.

Bu sözlər açıqlamasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyev deyib.

“Ölkəmiz Formula 1 yarışlarına qatılan hər kəs üçün möhtəşəm ab-havaya malikdir. Həm tarixi abidələri ilə diqqət çəkən, həm də təbiəti ilə gözoxşayan Bakı ölkəmizə gələn qonaqları özünə heyran buraxır. İrqçilik və antisemitizmdən uzaq, tolerant, multikultural ənənələrə sahib olan ölkəmizdə keçirilən yarışlar dünya miqyasında attraksiona çevrilərək milyonlarla azarkeşin diqqətini cəlb edib.

Yarım milyard izləyici auditoriyaya sahib olan Formula 1 yarışları beynəlxalq arenada ölkəmizin nüfuzunu artırır. Biznes dairələrinin, xidmət və digər sektorların yüz milyonlarla dollar qazanc əldə etdiyi bu yarışlar ölkəmizin təqdimatı üçün də müsbət şərait yaradır. Bakıda keçirilən yarışlar dünyanın ən tanınmış xəbər mərkəzləri tərəfindən işıqlandırılır. “Sky Sports”, “The Times”, “Bild” kimi dünyanın ən tanınmış nəşrlərinin avtoidman ictimaiyyəti, media nümayəndələri arasında apardıqları sorğularda Bakı treki digər treklərlə müqayisədə daha çox rəğbət görüb. Tanınmış nəşrlərdən biri olan “Washington Times” isə Formula 1 yarışlarını Azərbaycana səfər etmək üçün başlıca səbəblərdən biri olaraq göstərib.

Keçirilən yarışlar ölkəmizin iqtisadi potensialına da müsbətə təsir göstərməkdədir. Formula 1-in qlobal platformasından faydalanan yerli və regional biznes qurumları yarış həvəskarlarına müxtəlif xidmətlər göstərərək kommersiya gəlirlərini maksimum səviyyəyə yüksəltmə fürsəti əldə edirlər”, - deyə İB sədri qeyd edib.

Yarışlar turizm sektorunun inkişafı üçün müsbət şərait yaradır. Burada vurğulanması lazım olan məqamlardan biri odur ki, bu yarış ən bahalı idman növlərindən biridir və yarışı izləmək üçün gələnlər də rifah səviyyəsi çox yüksək olan insanlardır. Ölkəmizə gələn insanlar qalmaq üçün daha çox beşulduzlu, yaxud yüksək kateqoriyaya məxsus olan otelləri seçirlər.

Əvvəlki altı illə müqayisədə daha çox əcnəbi azarkeşin izləməyə gəldiyi Azərbaycan Qran-Prisi rekorda imza atıb. İlk dəfədir ki, yarış üçün dünyanın 100-dən çox ölkəsindən azarkeşlər Azərbaycana səfər edir. Satılan biletlərin ümumi sayı da əvvəlki illərlə müqayisədə daha yüksəkdir.

Digər diqqət çəkən önəmli məqamlardan biri də Formula 1 yarışları çərçivəsində həyata keçirilən konsertlərdir. İndiyə kimi yarışlar səbəbiylə bir çox dünya ulduzu Bakıya təşrif buyurub. Bu ulduzlardan Dua Lipa, Tarkan, Nikol Şerzinger kimi tanınmış incəsənət nümayəndələrinin adını çəkmək olar. Bu il də yarışın əyləncə proqramı çərçivəsində niderlandlı sənətçilər DJ Hardvell və DJ Don Diablonun konsertləri baş tutacaq.

Bakıda keçirilən Formula 1 yarışları Azərbaycan gəncləri üçün ilham mənbəyidir. Ölkəmizdə keçirilən yarış gəncləri bu idman növlərinə maraq göstərməyə və onlarla məşğul olmağa sövq edir.

“Ölkəmizdə keçirilən bu cür yarışlar, beynəlxalq tədbirlər Azərbaycanın dünyada prestijinin daha da yüksəlməsi ilə nəticələnir. Heç də bütün ölkələrə bu yarışları təşkil etməyə icazə verilmir. Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş verən bayraq yandırma hadisəsində Ermənistanın beynəlxalq tədbirləri keçirmək üçün nə qədər yetərsiz olduğunu bütün dünya ictimaiyyəti gördü. Ermənistandan fərqli olaraq Azərbaycan həmişə bu tədbirləri yüksək peşəkarlıqla həyata keçirib”, - deyə T.Əfəndiyev bildirib.

Xəbər 114 dəfə oxundu.