Səfir: Azərbaycanın gimnastikada peşəkar idmançıları var
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə keçirilən “AGF Trophy” beynəlxalq turnirində iştirak edən macarıstanlı gimnastlarla görüşüb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən turnir barədə təəssüratlarını bölüşüb: “İlk dəfədir ki, Milli Gimnastika Arenasına gimnastika yarışlarına baxmağa gəlirəm. Arenada yüksək səviyyəli şərait mövcuddur. Yarışın yüksək səviyyəli təşkilatçılığı məndə xoş təəssüratlar yaratdı. Turnirdə iştirak edən Macarıstan nümayəndə heyətinin üzvləri ilə görüşmək mənim üçün çox xoş oldu. İdmançı və məşqçilər yarışda iştiraklarından razı olduqlarını bildirdilər. Onların müsbət əhvali-ruhiyyədə olmalarını üzlərindəki ifadədən də görmək mümkün idi. İdmanı çox sevirəm. Peşəkar şəkildə idmanla məşğul olmasam da qaçış, velosiped və xizəksürmə sevdiyim idman növləridir. Öz sağlamlığım üçün bulvarın sahilində piyada gəzməyə üstünlük verirəm. Azərbaycanın gimnastikada peşəkar idmançıları var. Onlara bu turnirdə və gələcək yarışlarda uğurlar arzulayıram”.

Xəbər 123 dəfə oxundu.