Aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib
Aprelin 10-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə ikinci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.

8-10 yaşlı gimnastlarla çalışan məşqçilər üçün nəzərdə tutulan kurslarda “Ocaq Sport” Klubunu təmsil edən və müstəqil şəkildə fəaliyyət göstərən 9 məşqçi iştirak edir.

Bolqarıstanlı beynəlxalq dərəcəli mütəxəssis Desislava Boquşevanın rəhbərliyi altında keçirilən kurslarda birinci mərhələni uğurla başa vurmuş məşqçilər iştirak edirlər.

Kursların nəzəri və təcrübi hissəsi aerobika gimnastikasında addımların quruluşu, artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, çətinlik elementlərinin metodologiyası, xoreoqrafiya, tibb, psixologiya və s. mövzularını əhatə edir.

Aprelin 12-dək davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər.

Kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının (AGF) tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.

Qeyd edək ki, AGF-nin tədris saytı ötən il istifadəyə verilib. Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər. Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.

Xəbər 136 dəfə oxundu.