Məktəblilər arasında Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş kəndirlə mübarizə yarışı təşkil edilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Elm və Təhsil Nazirliyi və “Kəndirlə mübarizə idman cəmiyyəti” İctimai Birliyi tərəfindən kəndirlə mübarizə yarışı təşkil olunub.

6 Aprel - Sülh və İnkişaf Naminə Beynəlxalq İdman Günü və Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilən yarışa “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nı (OCEP) əhatə edən 18 məktəbin oğlan və qızlardan ibarət komandaları qatılıblar.

Oğlanların yarışında Elitar Gimnaziyanın komandası birinci olub. 229 nömrəli məktəb yarışı ikinci, Akademik Zərifə Əliyeva adına liseyin komandası üçüncü pillədə başa vurublar.

Qızların mübarizəsində isə 23 nömrəli məktəbin şagirdləri bütün rəqiblərini qabaqlayıblar. Bakı Avropa Liseyi ikinci, 82 nömrəli məktəb üçüncü olublar.

Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə birləşdirən OCEP “Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə MOK tərəfindən yaradılıb və hazırda yalnız Avropa deyil, dünyanın müxtəlif ölkələrini də əhatə edir

Xəbər 143 dəfə oxundu.