Şose velosipedi üzrə ölkə kuboku yarışlarının ikinci mərhələsinə yekun vurulub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə ölkə kuboku yarışlarının ikinci mərhələsi keçirilib. Bakıda yerləşən “Dreamland” qolf klubun yaxınlığında baş tutan yarışda idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15, yeniyetmə oğlanlar və qadınlar isə 10 kilometr məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən yarışda ümumilikdə 43 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər arasında Elçin Əsədov hamıdan yaxşı nəticə göstərərək birinci, Samir Cəbrayılov ikinci, Kamran Mirzəxanov üçüncü yerə layiq görülüblər.

Gənc oğlanların yarışında Tural İsrafilov bütün rəqiblərindən sürətli olub. Ömər Musayev ikinci, Hüseyn Nərimanov üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev, Turqut Qurbanlı və Artyom Proskuryakov ilk üçlükdə yer alıblar.

Qadınlar arasında isə Lalə Əbdürəhmanova hamını qabaqlayaraq birinci olub. Məryəm Əfqanzadə yarışı ikinci, Diana Sidorenko isə üçüncü pillədə başa vurublar.

Xəbər 210 dəfə oxundu.