U-23 Avropa çempionatında iştirak edən güləşçilərimiz Vətənə qayıdıblar
Rumıniyanın Buxarest şəhərində keçirilmiş U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə yığmamız Vətənə qayıdıb.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq 140 xal toplayan və komanda hesabında ardıcıl ikinci dəfə Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıblar.

Xalqımızı Novruz bayramı münasibətilə təbrik edən yığma komandamızın məşqçisi Arif Abdullayev bildirib ki, U-23 Avropa çempionatında tam heyətlə iştirak etdik və 5 medal qazandıq. Üç qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Bəzi idmançılarımız səhvlərə yol verdilər və medal əldə edə bilmədilər. Ancaq ümumi götürəndə komandamız çox gözəl çıxış etdi. 140 xalla Avropa çempionu olduq. Bizi qarşıda böyüklərin Avropa çempionatı gözləyir. İlin ən önəmli yarışı isə lisenziya xarakterli dünya çempionatı olacaq. Əlimizdən gələni edəcəyik ki, Olimpiadaya maksimum sayda lisenziya əldə edək. İkinci dəfə Avropa çempionu olduq. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm. Ötən il Prezident İlham Əliyev bizi qəbul etmişdi. Onun diqqət və qayğısı öz töhfəsini verdi”.

Avropa çempionu Turan Bayramov deyib ki, bu yarış mənim üçün uğurlu keçdi. Həm də ona görə sevinirəm ki, buna bir əsgər olaraq nail oldum. Hədəflərim çoxdur. Bu il əsas məqsədim böyüklər arasında dünya çempionu olub, Olimpiadaya vəsiqə qazanmaqdır.

Qitə birinciliyinin qızıl mükafatçısı Maqomed-Başir Xaniyev bildirib ki, ilk gün ağır keçdi. Növbəti gün finala yaxşı kökləndim və erməni rəqibimə qalib gəlib çempion oldum.

Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan İslam İlyasov deyib: “Yarış yaxşı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Demək olar ki, ötənilki rəqiblər idi. Ən çətin görüşüm final qarşılaşması oldu”.

Qitə birinciliyinin gümüş mükafatçısı Rəşid Babazadə bildirib ki, karyeramda ilk dəfə Avropa çempionatında iştirak etsəm də, finala kimi irəlilədim. Yarımfinalda zədələndiyim üçün finalda güləşə bilmədim. Ancaq buna görə heyfslənmirəm. Çünki komandamız Avropa çempionu oldu. İnşallah, dünya çempionatında qızıl medal qazanaram.

Yarışda bürünc medal əldə edən Səbuhi Əmiraslanov qeyd edib ki, ilk dəfə U-23 Avropa çempionatında mükafat qazandım. İlk görüşdə Polşa güləşçisinə 10:0 hesabı ilə qalib gəldim. Daha sonra Yunanıstan idmançısına məğlub oldum. Növbəti dəfə çalışacağam ki, ona qalib gəlim. Bürünc medal uğrunda görüşdə isə erməni güləşçini məğlub etdim. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Növbəti yarışlarda komandamıza uğurlar arzulayıram.

Xəbər 157 dəfə oxundu.