Xetaq Qazyumov sərbəst güləş üzrə Azərbaycan millisinə baş məşqçi təyin olunub
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində iclas keçirilib.

Namiq Abdullayev AGF-nin İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabrından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib.

AGF-nin vitse-prezidenti Namiq Əliyev tərəfindən daha əvvəl sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabrından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib. AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

Qeyd edək ki, X.Qazyumov Azərbaycan millisinin heyətində “Rio-2016”da gümüş, “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Üçqat Avropa çempionu və dünya çempionatının qalibi olan keçmiş güləşçi Bakıda təşkil olunan birinci Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 138 dəfə oxundu.