Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb.

Misir Ərəb Respublikasında keçirilən dünya kuboku yarışlarında hakimlik edən Z.Cəfərova elitar idmançı vəsiqəsi və döş nişanı təqdim olunub. İdmançımızı Dünya Pauerliftinq Federasiyasının prezidenti Mike Sveneey və Avropa Pauerliftinq Federasiyasının rəhbəri Yuri Ustinov mükafatlandırıblar.

Əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası, dünya və Avropa rekordçusu, altıqat dünya, beşqat Avropa, mütləq dünya çempionu, doqquzqat respublika çempionu, üç dəfə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi və iki dəfə mütləq çempionu Z.Cəfərov 2022-ci ildə Moskvada pauerliftinq üzrə dünya kuboku yarışlarında AWPC versiyasında (dopinq kontrol divizionunda) ən yüksək dərəcə tələbi olan elitar idmançı tituluna yiyələnmək üçün normativi yerinə yetirib. Lakin bu titulun təsdiqlənməsi üçün tək normativi yerinə yetirmək kifayət etmir. Dopinq testdən keçmək əsas şərtdir və hətta vacibdir. Normativi yerinə yetirəndən dərhal sonra idmançıdan dopinq test nümunələri götürülür və yoxlanması üçün laboratoriyaya göndərilir. Təbii ki, dopinq testin cavabının çıxması müəyyən vaxt aparır. Götürülən dopinq test nümunələrində Z.Cəfərovdan heç bir dopinq və əlavə vasitələrdən istifadə etməməsi aşkarlanıb və Azərbaycan pauerliftinq tarixində AWPC versiyası üzrə ilk dəfə olaraq ən yüksək dərəcə tələbi olan “elitar idmançı” titulu rəsmən təsdiqlənib.

Xəbər 311 dəfə oxundu.