FHN-in idmançıları növbəti uğura imza atıblar
Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Karate 1 Youth League” turniri keçirilib.

Turnirdə 67 ölkənin 1100-dən çox idmançısı mübarizə aparıb. Yarışa karate üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) və milli yığma komandanın üzvləri, yeniyetmələr arasında Avropa çempionu Nicat Kərimli və Karate Liqa 3-ün bürünc mükafatçısı Nihad Kərimzadə də mübarizəyə qoşulub. Kumite yarışlarında Nicat Kərimli (75 kq) dörd döyüş keçirərək turnirin gümüş medalının sahibi olub.

Karateçilərin ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırkı şəxsi məşqçisi isə Əməkdar idman ustası, Əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan Qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edək ki, Nicat Kərimli martın sonunda Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Konyada keçiriləcək “Karate 1 Serie A” turnirində də iştirak edəcək.

Fevralın 27-28-də “Şüa” İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Olimpiya sistemi üzrə keçirilən yarışda 44 qurumdan 104 kişi, 43 qadın şəxsi mübarizədə bacarıqlarını göstəriblər.

Turnirdə iştirak edən FHN-in stolüstü tennis üzrə yığma komandası dörd nəfərdən ibarət olmaqla əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, iki gün davam edən yarışın nəticələrinə əsasən kişilərin şəxsi mübarizəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Bundan əlavə, komandanın digər üzvü Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Vüqar İbrahimov finalda komanda yoldaşına məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.

Martın 2-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirlərdə də uğur əldə etmiş əməkdaşlar və idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər 200 dəfə oxundu.