Yaponiyalı idmançılar xizəksevərlərə ustad dərsi keçiblər
Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə usta dərsi keçirilib.

Təlimin keçirilməsinin məqsədi Azərbaycanda qiş idman növlərini təşviq etmək, xizək fristaylının “mogul” növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

“Şahdağ” Turizm Mərkəzində təşkil edilən təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrabatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.

Xəbər 202 dəfə oxundu.