“İdman Akademiyası” ölkə çempionatında növbəti qələbəsini qazanıb
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.

Yarışın XV turuna RİOEUGİM – “İdman Akademiyası” görüşü ilə start verilib. Meydançaya favorit kimi çıxan “İdman Akademiyası” komandası fasiləyədək qazandığı üstünlüyü sonadək qoruyaraq 41:26 hesabı ilə qələbə qazanıb.

“Bakı”-“Məhsul” arasında görüş uzun müddət yaddaşlarda qalacaq anlarla zəngin olub. Həndbolçular meydana böyük coşquyla dəvət olunub. Çoxsaylı azarkeşlər toplaşan “AHF Arena”da bu maraqlı mübarizəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həndbol federasiyasının prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva izləyiblər.

Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərməyə çalışsa da, əzmkarlıq öz bəhrəsini verməyib. Dəstək qrupunun müşayiət etdiyi görüş “Məhsul”un 34:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişi və Ernest Ağakişi idarə edib. AHF-nin nümayəndəsi kimi beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov fəaliyyət göstərib.

Bu nəticələrdən sonra “İdman Akademiyası” komandası 30 xalla turnir cədvəlinə başçılıq edir. Üç oyun az keçirən “Təhsil” və “Dinamo” klubları müvafiq olaraq, 21 və 18 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində 17 xal olan “Məhsul” komandası dördüncü pillədədir. “Bakı” klubunun aktivində isə cəmi 1 xal var.

Xəbər 226 dəfə oxundu.