Azərbaycanın üç boksçusu beynəlxalq turnirin dörddəbir finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turniri davam edir. A kateqoriyalı yarışın üçüncü günündə Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.

Malik Həsənovun (63,5 kq) səkkizdəbir finalda hindistanlı Şiva Tapa ilə qarşılaşması rəqib rinqə çıxmadığı üçün baş tutmayıb. Boksçumuz növbəti mərhələdə Özbəkistan təmsilçisi Mujibillo Tursunov ilə üz-üzə gələcək.

Məhəmməd Abdullayev də rinqdən qalib ayrılıb. Turnirdə 92 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Bolqarıstan boksçusu Yordan Morehon ilə qarşılaşıb. M.Abdullayev rəqibini 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, dörddəbir finalda Hindistan təmsilçisi Narender ilə qarşılaşacaq.

Qadın boksçumuz Zeynəb Rəhimova (54 kq) moldovalı Yuliya Korolini sınağa çəkib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28). Z.Rəhimova dörddəbir finalda argentinalı Mixaela Robles ilə görüşəcək.

Qırxa yaxın ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) mübarizə apardığı turnirə fevralın 26-da yekun vurulacaq.

Xəbər 224 dəfə oxundu.