Milli komandamız qitə çempionatını 6 medalla başa vurub
Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.

Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.

Xəbər 272 dəfə oxundu.