Ötən ay Azərbaycan idmançıları beynəlxalq turnirlərdə 31 medal qazanıblar
Yeni ilin ilk ayına pozitiv tədbirlə - dekabrda keçirilmiş “Birlikdə üzək” kütləvi yarışı qaliblərinə mükafatların təqdim edilməsi ilə başladıq. İlin ilk idman xəbəri də sevindirici oldu, şahmatçımız Günay Məmmədzadə Çindən qızıl medalla qayıtdı.

Bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.

Nazir bildirib ki, idmançılarımız yanvarda beynəlxalq turnirlərdə 7 idman növündə 31 medal qazanıblar. Cari ilin ilk idman yarışını isə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakı bulvarında – Xəzər dənizində təşkil etdi. Şübhəsiz, idman ictimaiyyətimiz üçün ən böyük motivasiya dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirakı və idmançıları, idman mütəxəssislərini mükafatlandırması oldu. Ölkə Prezidentinin idmanımızın bundan sonrakı uğurları, eləcə də Azərbaycan gəncliyi üçün prioritet məqsədlərə, əsl yol xəritəsinə çevriləcək dəyərli fikirləri də böyük maraqla dinlənildi.

Xəbər 285 dəfə oxundu.