Sabirabadda cüdo təlim mərkəzi istifadəyə verilib
Sabirabadda cüdo təlim mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Sabirabad icra başçısının müavini Ceyran Xəlilova, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, qurumun baş katib Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, istifadəyə verilən cüdo təlim mərkəzi Sabirabadda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən mərkəzin ümumi sahəsi 322 kvadratmetr təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası məşğələlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.

Vurğulanıb ki, təlim mərkəzində idmançılar üçün lazımi şərait təmin olunub. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.

Tədbir günü Sabirabaddan olan cüdoçular üçün dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.

ACF-in vitse-prezidenti Elnur Məmmədli bildirib ki, yeni istifadəyə verilən təlim mərkəzi Sabirabadda cüdonun daha da kütləvləşdirilməsi, yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli komandaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Vitse-prezidentin sözlərinə görə, federasiya bundan sonrada regionlarda yeni cüdo məşq zallarının inşasına və bərpasına xüsusi diqqət ayıracaq.

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyədək Gəncə, Ağstafa və Sabirabadda istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilir. Həmçinin son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3 minə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.

Xəbər 316 dəfə oxundu.