Azərbaycan karateçilərindən Premyer Liqa turnirində 5 medal
Azərbaycan karateçiləri Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Karate 1 Premyer Liqa turnirində 5 bürünc medal qazanıb.

Tural Ağalarzadə (-60 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Mədinə Sadiqova (-55 kq) və İrina Zaretska (-68 kq) Premyer Liqa turnirində üçüncü yeri tutub. Dünya Karate Federasiyasının (WKF) turnirlər seriyasından ən nüfuzlu yarışın bürünc medalları uğrunda döyüşən səkkiz idmançımızdan birinci görüşdə zədə alan Əminağa Quliyev (-60 kq), Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (84+ kq) son anda medalı əldən verib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Mövsümün ilk Premeyr Liqa yarışına 58 ölkədən 384 idmançı qatılıb.

Qahirədə, həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, birinci yer, Rabat üçüncü yer, Qahirə beşinci yer) və İrina Zaretska (Fuceyra birinci yer, Mataşinos ikinci, Bakı birinci yer, Qahirə üçüncü yer) da bu mötəbər mükafata layiq görülüb.

Böyüklərdən ibarət milli komandanı Martın ikinci yarısı İspaniyada Avropa çempionatı gözləyir.

Xəbər 306 dəfə oxundu.