Qılıncoynadanımız “Riposta Cup” turnirində altıncı olub
Rumıniyanın paytaxtı Buxarestdə qılıncoynatmanın sablya növü üzrə keçirilən yeniyetmələr arasında “Riposta Cup” turnirinə yekun vurulub.

Zərifə Hüseynova yeniyetmələrin şəxsi yarışında altıncı olub.

Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə bitirən Z.Hüseynova qələbə seriyasının davamını pley-offda da gətirib. Yeniyetmə sablyaçımız yarımfinala gedən yolda rumın, fransız, macar və amerikalı rəqiblərinə qalib gəlib. Təmsilçimiz bürünc medalın bir addımlığında Macarıstan idmançısı Nadin Totza 9:15 hesabı ilə uduzub.

Digər təmsilçilərimizdən qrupda 4 qələbəsi olan Valentina Zeynalova 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstan qılıncoynadanı Mariela Georgievaya 9:15 hesabı ilə məğlub olub. Fərəh Abbasova və Alla Həsənova qrup mərhələsini adlasa da, pley-offda mübarizəni dayandırıblar. Fidan Quliyeva pley-offa yüksələ bilməyib.

Yeniyetmə qız sablyaçılarımız komanda yarışında ilk görüşündə İspaniyanın ikinci komandasına 45:16 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ yığmasına 37:45 hesabı ilə uduzublar.

Oğlan sablyaçıların şəxsi yarışında Nahid Məmmədli, Timur Husnaddinov və Rəsul Əliyev qrup mərhələsini adlayıb pley-offda mübarizə aparmaq hüququ qazansa da, 64-lüyə yüksələ bilməyiblər.

Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında Yunanıstanın 3-cü komandasına 41:45 hesabı ilə məğlub olub.

Xəbər 340 dəfə oxundu.